Vikimedia:Tədbirlər/Wikimedia Hackathon 2023

Azərbaycan vikimediaçıları istifadəçi qrupu saytından
Naviqasiyaya keç Axtarışa keç
19–21 may 2023 | Afina, Yunanıstan

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin səfər qrantları çərçivəsində "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun üzvləri – Vikipediya inzibatçısı Toğrul Rəhimli və Vikipediya patrulu Aida Aslanova 19–21 may tarixlərində Yunanıstanın Afina şəhərində keçirilmiş Beynəlxalq "Wikimedia Hackathon 2023" tədbirində Azərbaycanı təmsil ediblər. Afinanın zəngin "Texnopolis" ərazisində keçirilən tədbirdə Almaniya, Fransa, ABŞ, Kanada, Braziliya, Portuqaliya, Norveç, İspaniya, Litva, İsveç və başqa ölkələrdən olan Vikipediya proqramçıları və təlimçiləri iştirak ediblər. İştirakçılara Vikimedianın texniki tərəflərinə və yeniliklərinə yiyələnmək üçün müxtəlif proqramlaşdırma alətləri ilə işləmək mövzusunda geniş təlimlər keçirilmişdir.

Tədbirin ilk günündə iştirakçılarla tanışlıq olmuş, onların fəaliyyət göstərdiyi istiqamətlər və həmin günə qədər gördükləri işlər barədə məlumatlar verilmişdir. Ardınca sessiyalara start verilmiş, Vikimedianın həm interfeys, həm də kod bazasının yenilənməsinə dair təlimlər başlanmışdır. İstifadəçilərə MediaViki proqram təminatında tətbiq edilmiş dəyişikliklərə dair təqdimatlar göstərilmiş, bu sistemin son dövrlərdə "JavaScript ES6" sintaksisini dəstəkləməsi, yeni təhlil funksiyalarının tətbiq edilməsinin mümkünlüyü çatdırılmışdır. Bundan əlavə, Vikimedia Fondunun yeni dizayn sistemi olan "Codex" ilə işləmək, eləcə də Vikimedia örtüklərinin hazırlanması sistemi üçün istifadəyə verilmiş yeni platformada işləmək barədə praktiki təlimlər keçirilmişdir.

Tədbirin ikinci günündə "ChatGPT" süni intellekt sisteminin Vikipediyaya təsiri və onların qarşılıqlı əlaqələndirilməsi, eləcə də Vikipediyanın vizual redaktoruna avtomatik istinad sisteminin əlavə edilməsi və "Web2Cit" ilə onların düzəldilməsi mövzularına dair məlumatlandırıcı təqdimatlar göstərilmişdir. Bundan əlavə, Vikimedia proqramçısı olaraq təkmilləşmək və diqqət yetirilməli nüanslar barədə tövsiyələr verilmişdir. Həmin gün "Texnopolis" ərazisində tədbirin bütün iştirakçılarının birgə xatirə fotosu çəkilmişdir.

Tədbirin üçüncü və son günündə 30-dan artıq alətin təqdimatı keçirilmiş və bağlanış mərasimi baş tutmuşdur. Ardınca Afinanın görməli yerlərinə – tarixi ərazilərə və muzeylərə səfərlər təşkil edilmişdir.

Qalereya