Gənclərin Vikipediya düşərgəsi 2023
Gənclərin Vikipediya düşərgəsi 2023
2-6 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun təşkilatçılığı ilə Lənkəran şəhərində gənc vikipediyaçılar üçün yay düşərgəsi keçirildi. Düşərgənin keçirilməsi ideyası, təəccüblü də olsa, Gənclər və İdman Nazirliyindən gəlmişdi. Ona görə təəccüblü ki, bu bir dövlət qurumunun vikipediyaçılar üçün tədbir keçirilməsinə dair ölkəmizdə ilk belə təşəbbüs idi. Bu təşəbbüsü irəli sürən Nazirliyin Gənclər siyasəti şöbəsinin rəhbər şəxslərinə və təşəbbüsü dəstəkləyən nazir Fərid Qayıbova buna görə dərin təşəkkürümüzü bildiririk.
Onu da qeyd edək ki, bu düşərgə ilk dəfə olaraq 5 günlük və yenə ilk dəfə olaraq 50 nəfərin iştirakı ilə nəzərdə tutulmuşdu. Digər bir ilk isə düşərgənin gənc vikipediyaçılar üçün nəzərdə tutulması idi.
İlklərdən ibarət olan bu düşərgənin keçirilməsində əsas məqsəd, əvvəlki düşərgələrimizdə də olduğu kimi, milli-mənəvi dəyərlərimizi gənclərə mənimsətmək, iştirakçıların yeni bilik və bacarıqlar əldə etməsinə dəstək vermək, asudə vaxtlarını səmərəli keçirmələrini təmin etməklə yanaşı, həm də Vikipediyaya yeni istifadəçilər cəlb etmək, təcrübəli istifadəçilərin bilik və bacarıqlarını artırmaq olmuşdur. Həmçinin, düşərgə ərzində idman və gənclər sahəsində Vikipediyada mövcud məqalələri genişləndirmək, bu mövzularda yeni məqalələr yaratmaqla internetdə Azərbaycan dilində məzmunu artırmaq və gələcəkdə yeni məqalələr yaradılmasına stimul vermək də düşərgənin məqsədləri arasında idi. Düşərgədə iştirak üçün ümumilikdə 100-dən çox müraciət daxil olmuş və təşkilat komitəsinin seçimi əsasında 50 nəfər iştirak hüququ əldə etmişdi. Onlardan 23-ü təcrübəli istifadəçilər, 27-si isə yeni istifadəçilər və ya Vikipediyada fəaliyyətə başlamağa həvəs göstərən şəxslər idi.
5 gün davam edən düşərgədə təcrübəli Vikipediya inzibatçıları və peşəkar istifadəçilər müxtəlif Vikimedia layihələri barədə təlim və seminarlarda Vikipediya, Vikiverilənlər, Vikianbar və s. mövzularda gəncləri məlumatlandırdılar. Düşərgənin açılış mərasimində bütün iştirakçılar hər birində 4-5 nəfər olmaqla 9 komandaya bölündülər və düşərgə müddətində elan edilən məqalə müsabiqələri, redaktə sessiyaları və intellektual oyunlarda birgə iştirak etdilər. İştirakçılara verilən tapşırığa əsasən hər komanda düşərgə müddətində “Lənkəran”, “gənclik” və “idman” mövzularının üçünü də əhatə edən, həcmi 200 söz və 2000 baytdan az olmayan 1 məqalə yaratmalı idi. Düşərgənin sonunda təşkilat komitəsinin qiymətləndirməsi əsasında onların arasından 1 qalib komandanın seçilərək mükafatlandırılması nəzərdə tutulmuşdu.
Düşərgənin ilk üç günündə təşkil edilən məqalə yaratma müsabiqəsi, oyunlar, intellektual və idman yarışları düşərgənin daha maraqlı keçməsinə imkan yaratdı. Belə ki, Nə? Harada? Nə zaman? komanda oyunu, Erudit-loto fərdi intellektual oyunu, habelə futbol yarışından əlavə, Mafiya, Uno, Cenqa və s. oyunlar da keçirildi.
İştirakçılar düşərgənin dördüncü günündə Lənkəran şəhərinin tarixi-memarlıq və təbiət abidələrini, o cümlədən, Heydər Əliyev Mərkəzi, Lənkəran xan sarayı və eyni binada yerləşən Lənkəran tarix-diyarşünaslıq muzeyi, Həzi Aslanovun ev muzeyi, Kiçik bazar məscidi və Xanbulan gölünü ziyarət edərək, bu yerlərdə çəkilən fotoşəkilləri müvafiq Vikipediya məqalələrində və digər vikilayihələrdə istifadə etmək məqsədilə Vikianbara yüklədilər.
Düşərgənin bağlanış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İnnovativ inkişaf sektorunun müdiri Kənan Kərimov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, habelə “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin sədri Elgün Atalıyev və düşərgənin təşkilat komitəsinin üzvü Aida Aslanova iştirakçılara düşərgə müddətindəki fəaliyyətlərinə görə minnətdarlıqlarını bildirdilər. Mərasimdə düşərgə iştirakçıları sertifikatlarla təltif edilərək, düşərgə ərzində keçirilən fərdi və komanda məqalə müsabiqəsinin, habelə fərdi və komanda oyunlarının qalibləri Gənclər və İdman Nazirliyi, həmçinin “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyi tərəfindən təqdim edilən qiymətli hədiyyələrlə mükafatlandırıldılar.