Məzmuna keç

Vikimedia:Nizamnamə

Azərbaycan vikimediaçıları istifadəçi qrupu saytından

Bu qaydalar "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun rəsmi qaydalarıdır. 16 iyul 2025-ci il tarixindən etibarən buradakı ümumi qərarla rəsmiləşmişdir.


Aşağıda "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun İstifadəçi qrupuna üzvlük və idarə heyəti haqqında qaydaları verilmişdir. Mövcud qaydalarda düzəlişlər ancaq istifadəçi qrupunun üzvlərinin iştirakı ilə baş tutan səsvermə əsasında edilə bilər. İdarə heyəti özbaşına qaydalarda düzəlişlər və dəyişikliklər edə bilməz. Qaydalara düzəlişlər və dəyişikliklər üçün səsvermə il ərzində ən çox 2 dəfə keçirilə bilər.

İstifadəçi qrupunun üzvləri

İstifadəçi qrupuna üzvlük şərtləri

  • Azərbaycandilli layihələrdən ən azı birində fəaliyyət göstərməlidir;
  • Yaşı 16-dan az olmamalıdır;
  • Vikimedia layihələrində ümumilikdə 800 və daha artıq redaktəyə (azərbaycandilli layihələrdə 500 və daha artıq redaktəyə) malik olmalıdır;
  • Azərbaycandilli layihələrin heç birində qeyri-müəyyən müddətə blokda olmamalıdır;
  • Oflayn tədbirlərdən ən azı birində iştirak etməlidir (oflayn tədbirlər dedikdə istifadəçi qrupunun üzvlərinin iştirakı ilə baş tutan görüşlər, təlimlər, vikidüşərgələr və digər tədbirlər nəzərə tutulur);
  • Üzvlük idarə heyətinə müraciət əsasında baş verir. Üzv olmayan şəxs öz istifadəçi adını, şəxsi adını, yaşını, daimi yaşadığı ölkəni, fəaliyyəti və oflayn tədbirlərdə iştirakı barədə bu məqsədlə yaradılmış platforma vasitəsilə qısa məlumat verməlidir. Şəxs oflayn tədbirlərdə iştirakı barədə digər istifadəçi qrupu üzvlərinə istinad edə bilər.

İdarə heyəti müraciətçinin yuxarıda qeyd olunan tələblərə uyğun olub olmadığını yoxlayır və onun üzvlüyünü təsdiqləyir.

Digər layihələrdə bloklanmış istifadəçilər də istifadəçi qrupunun üzvülüyünə müraciət edə bilər. İdarə heyəti istifadəçinin bloklama səbəbini nəzərdən keçirərək istifadəçinin üzvlüyünü təsdiqləyə bilər.

İstifadəçi qrupu üzvünün hüquqları

  • İdarə heyəti seçkilərində seçici, yaxud namizəd qismində iştirak etmək;
  • İstifadəçi qrupunun fəaliyyəti, qrupun görüşləri, oflayn tədbirlər və yeniliklər barədə xəbərdar olmaq;
  • İdarə heyəti tərəfindən azərbaycandilli icmanı beynəlxalq tədbirlərdə təmsil etmək üçün seçilmək;[q 1]
  • İstifadəçi qrupunun adından oflayn və onlayn tədbirlər keçirmək;
  • İdarə heyətinin üzvlərinin işinə rəsmi assistent olaraq köməklik göstərmək.

İstifadəçi qrupunun üzvlüyündən uzaqlaşdırılma halları

  • Özü könüllü şəkildə üzvlükdən imtina etdiyini bildirərsə;
  • İstifadəçi azərbaycandilli layihələrin hər hansı birindən qeyri-müəyyən müddətə bloklanarsa;
  • Universal Davranış Kodeksini pozarsa;
  • İstifadəçi qrupunun məqsədlərinə zidd hərəkətlər edərsə.

İdarə heyəti

İdarə heyətinin strukturu

  • İstifadəçi qrupunun İdarə heyəti beş üzvdən ibarətdir: Sədr (baş koordinator), sədr müavini, kommunikasiyadan məsul şəxs, xəzinədar, layihələr üzrə koordinator.
    • Sədrin vəzifələri: İdarə heyətinin işini ümumi olaraq təşkil etmək və fəaliyyətinə nəzarət etmək, qərarların qəbul etməsini və konsensusun əldə olunmasını təmin etmək, yeni layihələrin və təşəbbüslərin planlaşdırılmasına dəstək vermək.
    • Sədr müavininin vəzifələri: Sədrin fəaliyyətini dəstəkləmək və ona kömək etmək, sədrin iştirak edə bilmədiyi hallarda onu əvəz etmək və onun vəzifələrini yerinə yetirmək, idarə heyətinin üzvləri arasında kommunikasiyanı təmin etmək.
    • Kommunikasiyadan məsul şəxsin vəzifələri: Sosial media hesablarını idarə etmək, oflayn və onlayn tədbirlər haqqında paylaşımlar etmək, qrupun elektron poçt ünvanına gələn məktubları cavablandırmaq, istifadəçi qrupuna edilən müraciətləri və təklifləri digər idarə heyəti üzvlərinə çatdırmaq.
    • Xəzinədarın vəzifələri: Qrant müraciətlərini hazırlamaq və layihələrin büdcələrini planlaşdırıb nəzarət etmək, yerli təşkilatlarla əməkdaşlıq təşəbbüsləri göstərmək, istifadəçi qrupunun fəaliyyəti haqqında hesabatlar hazırlamaq.
    • Layihə koordinatorunun vəzifələri: Oflayn Vikipediya tədbirlərini planlaşdırmaq və onların keçirilməsində iştirak etmək, onlayn viki-layihələrinin (Vikibahar, Viki Yeri Sevir, mövzulu aylar və s.) keçirilməsini təmin etmək və həmin layihələrə nəzarət etmək, layihələrin statistik hesabatlarını tərtib etmək.

İdarə heyətinin ümumi vəzifələri

  • İstifadəçi qrupunun fəaliyyətlərini koordinasiya etmək və strateji inkişafını təmin etmək;
  • İstifadəçi qrupuna üzvlük müraciətlərinin tələblərə uyğunluğunu yoxlamaq və üzvlüyü təsdiqləmək;
  • İstifadəçi qrupunun adından keçirilən onlayn və oflayn tədbirlərə təşəbbüs göstərmək, və ya təşkilinə razılıq vermək;
  • Beynəlxalq tədbirlərdə istifadəçi qrupunu təmsil edəcək istifadəçiləri seçmək;[q 2]
  • İstifadəçi qrupunun fəaliyyəti haqqında 1 illik hesabatlar hazırlamaq;
  • İstifadəçi qrupunun üzvləri arasında etik və inklüziv mühitin qorunmasına nəzarət etmək;
  • İctimaiyyətlə, KİV-lə, dövlət və qeyri-dövlət təşkilatları ilə kommunikasiyanı təmin etmək;
  • İstifadəçi qrupu üzvlüyü şərtlərinə uyğun gəlməyən üzvləri üzvlükdən çıxarmaq.

İdarə heyətinə namizədlik şərtləri

  • İstifadəçi qrupunun üzvü olmaq (ən az 1 il[q 3]);
  • Azərbaycanda daimi yaşamaq;
  • Azərbaycan Respublikasının vətəndaşı olmaq;
  • 18 yaşdan yuxarı olmaq;
  • Növbəti 2 il ərzində fəaliyyət göstərmək və oflayn görüşlərdə iştirak etmək imkanına malik olmaq;
  • Azərbaycandilli layihələrdə ümumilikdə ən azı 10 min redaktəyə malik olmaq;
  • Azərbaycandilli layihələrdə ən azı 3 illik fəaliyyətə malik olmaq;
  • Son 2 il ərzində azərbaycandilli layihələrdə ciddi şəkildə bloklanmamaq.

Ciddi blok dedikdə icmanın ümumi qərarı ilə qeyri-müəyyən vaxta və 3 aydan çox müddətə olan bloklanmalar nəzərdə tutulur.

Namizəd olmaq üçün inzibatçı və bürokrat kimi statuslar tələb olunmur. İstifadəçi hüququndan asılı olmayaraq yuxarıdakı tələbləri qarşılayan hər kəs namizəd ola bilər.

İdarə heyətindən uzaqlaşdırılma halları

  • Şəxs özü könüllü olaraq idarə heyətindən çıxdığını bildirdikdə;
  • İstifadəçi qrupunun üzvlüyündən çıxarıldıqda;
  • Azərbaycandilli layihələrdə illik minimum 400 redaktə etmədikdə;
  • Mütəmadi olaraq İdarə heyətinin işində iştirak etmədikdə, ona verilən işləri görməkdən boyun qaçırdıqda;
  • Mütəmadi olaraq zəruri oflayn tədbirlərdə və görüşlərdə iştirak etmədikdə;
  • İstifadəçi qrupunun məqsədlərinə zidd hərəkət etdikdə.

İdarə heyətindən uzaqlaşdırma barədə qərar idarə heyətinin qalan digər üzvləri arasında əldə olunan yekdil fikir birliyi əsasında verilir (ən az 3 üzv qərarı dəstəkləməlidir).

İdarə heyətinə seçkilər

İdarə heyətinə seçkilər hər 2 ildən bir baş tutur.

  • Bir şəxs idarə heyətinə ardıcıl olaraq ən çox 2 dəfə seçilə bilər. Bir şəxs ardıcıl olaraq 3-cü dəfə sədr ola bilməz. Ümumilikdə bir şəxsin idarə heyətinə seçilmə sayında məhdudiyyət yoxdur.
  • Seçkilərin dəqiq tarixi idarə heyəti tərəfindən 2 ay qabaqcadan müəyyən edilir və bu barədə istifadəçi qrupunun bütün üzvlərinə məlumat verilir. Bundan sonra seçki prosesi başlayır.
  • 2 ay ərzində namizəd şəxslər öz namizədliklərini təqdim etməlidirlər. Namizədlər fəaliyyətləri haqqında, niyə namizəd olduqları haqqında və idarə heyətinin tərkibində necə fəaliyyət göstərməyi planlaşdırdıqları haqqında qısa məlumat verməlidir. Bu müddət ərzində istifadəçi qrupunun üzvləri namizədlərə öz suallarını verə bilərlər.
  • İdarə heyəti namizədlərin müəyyən olunmuş şərtlərə uyğun olub-olmadıqlarını yoxlamalıdır. Yalnız tələblərə cavab verən namizədlər seçkidə iştirak hüququ əldə edirlər.
  • Seçkilərdə yalnız istifadəçi qrupuna ən azı 6 ay əvvəl üzv olmuş şəxslər iştirak edə bilərlər. Səsvermə anonim qaydada aparılır. İdarə heyətinə namizəd olan şəxslər də səsvermədə iştirak edə bilərlər.
  • Səsvermə prosesi seçicilərin namizədləri yuxarıdan aşağıya doğru sıralaması formasında, yəni Vikimedia Fondunun "tək transfer edilə bilən səs" siyasətinə uyğun olaraq aparılır (ətraflı). Hər seçici ən çox münasib gördüyü namizədi ilk sırada, ən az münasib gördüyü namizədi son sırada göstərir. İdarə heyətinə namizəd olan şəxslər seçkilərdə özlərini dəstəkləyə bilməzlər. Səsverməyə əsasən ən çox bal toplayan 5 namizəd idarə heyətinə seçilir. Namizədlərin balları bərabər olduqda və həmin bərabərlik bəzi namizədlərin idarə heyətinə seçilməməsinə təsir edərsə, ən çox ilk sırada göstərilmiş namizəd(lər)ə üstünlük verilir. Əgər status-kvo davam edərsə, ən çox 2-ci yerdə göstərilmiş namizədə üstünlük verilir və s.
  • Səsvermə 7 gün müddətində davam edir və onun yekunlaşdırılması Ümumdünya vaxtı üzrə aparılır.
  • İdarə heyətinə seçilən 5 namizəd öz aralarında səsvermə ilə idarə heyətinin sədrini seçirlər. Digər vəzifələr də seçilən namizədlər arasında bölüşdürülür. Sonradan vəzifə bölgüsü dəyişdirilə bilməz.
  • İdarə heyətindən uzaqlaşdırma və ya istefa halları baş verdikdə vakant yerlər üçün növbədənkənar seçkilər keçirilməli və həmin vakant yerlər üçün üzvlər seçilməlidir. Növbədənkənar seçkilər haqqında məlumat 1 ay qabaqcadan verilir. İdarə heyətindən uzaqlaşdırma halı növbəti daimi seçkilərin baş tutmasına ən çoxu 6 ay qalmış baş verərsə, o zaman növbədənkənar seçkilər keçirilmir və idarə heyəti mövcud tərkiblə fəaliyyətini davam etdirir. Bu dövr ərzində həmin vəzifəni müvəqqəti olaraq idarə heyəti üzvlərindən biri öz üzərinə götürür.

Qaydaların rəsmiləşdirilməsi və dəyişiklər üçün səsvermələr

İstifadəçilərin səsvermə hüquqları

  • Səsvermələrdə yalnız istifadəçi qrupunun üzvləri iştirak edə bilərlər;
  • Səsvermənin başlama tarixinədək istifadəçinin azərbaycandilli vikilayihələrdə son 15 gün ərzində ən azı 5 redaktəsi olmalıdır.

Nəticələrin hesablanması

  • Səsvermə müddəti 7 gün müddətində davam edir və onun yekunlaşdırılması Ümumdünya vaxtı üzrə aparılır;
  • Səsvermə sonunda qərarın qəbul olunması üçün sadə çoxluq, yəni 50% + 1 səs kifayətdir.

  • Qeyd: Səsləri nəzərə alınmayan istifadəçilərin və neytral mövqe bildirən istifadəçilərin sayı ümumi səsverənlərin sayına aid edilmir.

Qeydlər

  1. Bu, sadəcə namizədlərin idarə heyəti tərəfindən seçilməsini tələb edən tədbirlərə, məsələn, CEE Meeting konfranslarına aiddir.
  2. Bu, sadəcə namizədlərin idarə heyəti tərəfindən seçilməsini tələb edən tədbirlərə, məsələn, CEE Meeting konfranslarına aiddir.
  3. İstifadəçi qrupu yenidən formalaşdırıldığı üçün ilk seçkiyə şamil edilmir.